AzTU-da uşaq hüquqlarının müdafiəsinə həsr olunan maarifləndirici tədbir keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) “Uşaq Hüquqları Aylığı” çərçivəsində tələbələrin hüquqi biliklərinin artırılması məqsədilə maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə çıxış edən AzTU-nun Kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov hüquqi maarifləndirmənin gənclərin sosial məsuliyyətinin və vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm rol oynadığını bildirib. O, uşaq hüquqlarının müdafiəsinin cəmiyyətin hər bir üzvünün mənəvi və vətəndaşlıq borcu olduğunu vurğulayıb.
Hüquqşünas Şükufə Muradsoy çıxışında qeyd edib ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində hər il oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə “Uşaq Hüquqları Aylığı” keçirilir. O, uşaq hüquqlarının müdafiəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Şükufə Muradsoy tələbələrə uşaqların hüquq və vəzifələri, hüquqi maarifləndirmənin əhəmiyyəti və uşaqların ictimai həyatda fəal iştirakının təşviqi barədə ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.










