AzTU-da tələbələrin akademik inkişaf imkanları müzakirə olunub
Azərbaycan Texniki Universitetinin (AzTU) Sənaye iqtisadiyyatı və menecment fakültəsində tələbələrin gələcək təhsil imkanları və akademik inkişaf perspektivlərinə həsr olunan görüş keçirilib.
Görüşün əsas məqsədi tələbələrin gələcək təhsil və karyera planlamasına dəstək göstərmək, onları bakalavriat təhsilindən sonrakı akademik inkişaf imkanları barədə məlumatlandırmaq olub.
Görüşdə Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat kafedrasının müdiri İlkin Məhərrəmov və Sənaye iqtisadiyyatı və menecment fakültəsinin beynəlxalq əlaqələr və tədqiqatlar üzrə dekan müavini Mürşüd Mehdiyev magistratura təhsilinin əhəmiyyəti, ixtisaslaşma istiqamətləri və gələcək karyera perspektivləri barədə ətraflı məlumat veriblər.
Çıxışlarda tələbələrə gələcək təhsil seçimləri zamanı şəxsi maraqlarını, akademik potensiallarını və əmək bazarının tələblərini nəzərə almaları tövsiyə edilib.
Görüşdə magistratura təhsilinin üstünlükləri, qəbul prosesi və elmi-tədqiqat fəaliyyətinin akademik inkişafda rolu da müzakirə olunub. Sonda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.








