AzTU-da Daxili Qrant Layihəsi çərçivəsində müasir süni intellekt laboratoriyası yaradılıb
Azərbaycan Texniki Universitetində (AzTU) 2025-ci il üzrə daxili qrant müsabiqəsinin qaliblərindən biri olan “Hiperlokal açıqlana və variantlararası ayırma edə bilən dərin izah sistemi (Hi-VAX)” layihəsinin təqdimatı keçirilib.
AzTU-nun baş müəllimi, layihə rəhbəri Zaur Qəmbərov layihənin nəticələri barədə məlumat verib. O qeyd edib ki, müasir dövrdə ağciyər xərçəngi dünyada xərçəngdən ölümün əsas səbəblərindən biri hesab olunur. Müalicənin uğuru xeyli dərəcədə şişin vaxtında aşkarlanmasından və şüa terapiyası zamanı onun sərhədlərinin dəqiq müəyyən edilməsindən asılıdır.
Hazırda həkimlər bu işi kompüter tomoqrafiyası (KT) təsvirlərinin hər bir kəsiyində şişin sərhədlərini əl ilə qeyd etməklə həyata keçirirlər. Bu isə xeyli vaxt itkisinə səbəb olur. Son illərdə bu sahədə süni intellekt proqramlarından istifadə genişlənib. Lakin həmin proqramların ciddi çatışmazlığı var: onlar nəticə təqdim etsələr də, bu nəticəyə necə gəldiklərini izah etmirlər. Mütəxəssislər bunu “qara qutu” problemi adlandırırlar. Həkim qərarın səbəbini görmədən proqrama tam etibar edə bilmir və mümkün səhvləri vaxtında aşkar etmək çətinləşir. Bu, süni intellektin xəstəxanalarda geniş tətbiqinə mane olan əsas amillərdəndir.
Layihənin məqsədi də ağciyər xərçənginə dair kompüter tomoqrafiyası təsvirlərini süni intellekt proqramlarının köməyi ilə təhlil edərək həkimlər üçün daha anlaşıqlı, yoxlanıla bilən və etibarlı məlumat əldə etməkdir.
“Hi-VAX” layihəsi çərçivəsində AzTU-da müasir süni intellekt laboratoriyası yaradılıb və Türkiyənin aparıcı klinikalarından biri ilə davamlı elmi əməkdaşlıq qurulub.
“Hi-VAX” sistemi təsvirdə şişi aşkar etməklə kifayətlənmir. O, qərarın hansı sahələrə və hansı əlamətlərə əsaslandığını həkimə xəritə şəklində təqdim edir. Sistemin əsas üstünlüyü izahları çox kiçik, yerli (hiperlokal) səviyyədə verməsidir. Müayinə zamanı proqram şişin hansı sərhədləri daxilində yüksək dəqiqliklə nəticə verdiyini, hansı hissələrdə isə tərəddüd etdiyini göstərir. Beləliklə, həkim proqramın nəticəsini sürətlə yoxlaya, şübhəli sahələrə xüsusi diqqət yetirə və son qərarı özü verə bilir.
Layihənin təfərrüatları ilə bağlı sualları cavablandıran Zaur Qəmbərov bildirib ki, araşdırmalar zamanı beynəlxalq açıq tibbi məlumat bazalarından 500-dən çox xəstəyə aid ağciyər KT təsvirləri toplanıb, yoxlanılıb və vahid tədqiqat formatına salınıb.
Layihə çərçivəsində KT təsvirlərində ağciyər şişlərini avtomatik aşkarlayan və onların üçölçülü sərhədlərini müəyyən edən süni intellekt modelləri hazırlanıb. Modellər təlim prosesində istifadə olunmayan ayrıca xəstə qrupu, eləcə də başqa tibb mərkəzində müayinə olunmuş 143 xəstənin təsvirləri əsasında sınaqdan keçirilib.
Tədqiqatların nəticələri əsasında hazırlanmış iki elmi məqalə dərc olunmaq üçün nüfuzlu beynəlxalq jurnallara göndərilib. Qrant layihəsinin davamı olaraq Türkiyənin Medipol Mega Universitet Xəstəxanasının radioloqları ilə birgə daha dörd elmi məqalənin hazırlanması nəzərdə tutulur.
AzTU-nun rektoru Vilayət Vəliyev layihənin çox mühüm bir sahəni əhatə etdiyini və əldə olunan nəticələrin gələcəkdə insanların sağlamlığının qorunmasında, eləcə də müalicə prosesinin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayacağını qeyd edib. O, universitetdə həyata keçirilən bu cür layihələrin praktik tətbiqi üçün lazımi addımların atılmasını tapşırıb.
Rektor vurğulayıb ki, AzTU-nun tədqiqatçı mühəndisləri süni intellektin imkanlarından istifadə istiqamətində həyata keçirilən layihələrə tələbələri də geniş şəkildə cəlb etməlidirlər.
Sonda tədbir iştirakçıları “Hi-VAX” layihəsi çərçivəsində yaradılmış müasir süni intellekt laboratoriyası ilə tanış olublar.












