AzTU-da akademik və inzibati heyət üçün İT və süni intellekt üzrə təlimlərə başlanılıb
Azərbaycan Texniki Universitetində (AzTU) akademik və inzibati heyətin rəqəmsal bacarıqlarını inkişaf etdirmək və müasir texnologiyalardan peşəkar fəaliyyətdə səmərəli istifadəni dəstəkləmək məqsədilə informasiya texnologiyaları və süni intellekt üzrə təlimlərə başlanılıb.
Tədqiqat, inkişaf və reputasiya departamentinin təşkilatçılığı ilə həyata keçirilən təlim proqramı kompüter bacarıqlarının təkmilləşdirilməsini, “Microsoft Office” proqramlarının funksiyalarından daha səmərəli istifadəni və süni intellekt alətlərinin iş proseslərinə inteqrasiyasını əhatə edir. Nəzəri və praktiki məşğələlər iştirakçıların öyrəndikləri alətləri öz fəaliyyət sahələrinə uyğun tapşırıqlarda tətbiq etməsinə imkan yaradır.
İnzibati heyət üçün nəzərdə tutulan məşğələlərdə süni intellekt alətlərinin gündəlik işdə tətbiqinə diqqət yetirilir. İştirakçılar bu alətlərdən işgüzar yazışmaların və sənəd layihələrinin hazırlanması, hesabatların tərtibi, elektron cədvəllərlə iş və məlumatların ümumiləşdirilməsi kimi tapşırıqlarda istifadə etməyi öyrənirlər.
Akademik heyət və tədqiqatçılar üçün məşğələlər süni intellekt alətlərinin tədris və elmi tədqiqatda tətbiqinə yönəlib. Təlimlərdə tədris materiallarının hazırlanması, elmi ədəbiyyatın axtarışı, tədqiqat məlumatlarının sistemləşdirilməsi və akademik mətnlərin strukturlaşdırılması üzrə praktiki nümunələr nəzərdən keçirilir. Süni intellekt vasitəsilə əldə edilən məlumatların və istinadların yoxlanılmasına, eləcə də akademik dürüstlük prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirilir.
Təşəbbüs AzTU-da əməkdaşların davamlı peşəkar inkişafını dəstəkləyən və rəqəmsal texnologiyaların tədris, elmi tədqiqat və inzibati işdə tətbiqini genişləndirən fəaliyyətlərin tərkib hissəsidir. Proqram əməkdaşlar üçün davamlı öyrənmə imkanlarını genişləndirməklə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü (Keyfiyyətli təhsil) və 8-ci (Layiqli əmək və iqtisadi artım) məqsədlərinə töhfə verməyi hədəfləyir.
https://trainings.aztu.edu.az/en/courses/ai-ms-office-training










