AzTU fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd qəbulu elan edir
Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2026-cı il üçün doktorant hazırlığı üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara qəbul”una uyğun olaraq Azərbaycan Texniki Universiteti (AzTU) 2026/2027-ci tədris ilində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd qəbulu elan edir.
Doktoranturaya sənəd qəbulu 19 may – 09 iyun 2026-ci il tarixlərində https://portal.edu.az vasitəsilə həyata keçiriləcək. Sənəd təqdim etmək istəyən portala daxil olmalı, “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun qeydiyyatdan keçməlidirlər.
Sənədlər sistemə müvəffəqiyyətlə yerləşdirildikdən sonra iddiaçılar müraciət etdikləri ali təhsil müəssisəsi, elmi müəssisə və ya təşkilatda yaradılan qəbul komissiyasında müsahibədən keçməlidirlər. Elmi rəhbər rəyi olmadan sənəd qəbulu tamamlanmır.
Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir. Qəbul komissiyası nəzərdə tutulan elmi rəhbərin rəyi və təqdim olunmuş sənədlər əsasında qəbul imtahanlarına (xarici dil, fəlsəfə, ixtisas fənni üzrə) buraxılmaq haqqında qərar qəbul edir.
Qəbul şərtləri:
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturaya qəbul olunmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfə və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün tələb olunan sənədlər:
- Rektorun adına ərizə;
- Kadrların şəxsi-qeydiyyat vərəqi;
- Tərcümeyi-hal;
- 2 ədəd (3x4) fotoşəkil;
- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- İş yerindən xasiyyətnamə;
- Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (bakalavr və magistr diplomları əlavələri ilə birlikdə) notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- Şəxsiyyəti təsdiq edən sənədin surəti.
- Xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG - əgər varsa).
Qeyd edək ki, xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG) malik olan şəxslər müvafiq sertifikatı Dövlət İmtahan Mərkəzinə təqdim etdikdə xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.
Doktoranturaya qəbul üçün imtahan tarixləri:
Xarici dil imtahanı - 25.06.2026
Fəlsəfə fənni üzrə imtahan - 1-3 sentyabr 2026
İxtisas fənni imtahanı - 8-10 sentyabr 2026
Əlavə məlumat üçün AzTU-nun Yüksək Təhsil İnstitutuna müraciət edə bilərsiniz.
Tel: (+994 50) 584 20 73
E-poçt: hecer.aliyeva@aztu.edu.az

