AzTU THIK haqqında
Tələbələr həmişə gənclərin ən aktiv hissəsi olaraq tanınıblar. Təbii ki, bu enerjini tənzimləyən, onu doğru istiqamətə aparan və ona kömək edən strukturlara böyük ehtiyac duyulmaqdadır.
Tələbə həmkarlar komitələri yuxarı təşkilatların dəstəyi ilə tələbələrin təhsilalma şəraitlərinin yaxşılaşdırılması, çətin həyat durumlarına maddi dəstək verilməsi və işlə təmin olunmasına yardım göstərirlər.
Sovet dönəmində ali məktəblərində tələbələrin problemləri ilə bir neçə təşkilat məşğul olurdu: partiya, komsomol və həmkarlar təşkilatları. Yeni formalaşmış müasir sistemdə isə həmkarlar təşkilatlarının rolu daha da artıb.
Bu nöqteyi-nəzərdən AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəaliyyəti böyük önəm daşıyır. 9000-dən artıq bakalavr, magistr və doktorant kollektivini özündə birləşdirən, dövlət qeydiyyatından keçən yeganə ictimai tələbə təşkilatı olan THİK universitetin idarə olunmasında da yaxından iştirak edir. Belə ki, təşkilatın fakültə nümayəndəsi fakültə Elmi şurasının, komitənin sədri isə universitetin böyük Elmi şurasının tamhüquqlu üzvüdür. Universitetində tələbələrlə bağlı qəbul olunan bütün qərarlarda bu qurumun rəyi nəzərə alınır.