XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin açılış mərasimi keçirilib

2025-03-12
79
Xəbərlər

Martın 12-də “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin açılış mərasimi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumi təhsil müəssisələri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir.

Bu il keçirilən müsabiqədə II yerin qalibi olan 2 komandanın təqdim etdikləri 2 innovativ layihə AzTU-nun Mühəndis fizikası və elektronika kafedrasında prof. Mətanət Mehrabovanın rəhbərliyi altında yerinə yetirilib. Komandaların üzvləri  Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar liseyi və Bakı Slavyan Universitetinin liseynin 9-11 sinif şagirdləri olub.

1-ci layihə çərçivəsində şagirdlər kafedra əməkdaşları ilə birlikdə karbon nanoborularının doldurucu kimi istifadə olunması ilə polietilen matrisindən nanokompozitlər alıb, onların tikinti materiallarında istifadəsinin üstün xassələrini araşdırıb, memarlıq və tikinti üçün səmərəli təkliflər veriblər. Belə ki, alınmış nanokompozitlərin analoqlarından fərqli olaraq xarici təsirlərə daha davamlı olması onları binaların fasad, döşəmə, dam örtükləri üçün perspektivli material edir.

2-ci layihədə innovativ bir təklif verilib və kafedrada eksperimentlər yerinə yetirilib. Təklif yol hərəkəti təhlükəsizliyini minimuma endirmək məqsədilə təkrar emal edilmiş avtomobil şinlərindən hazırlanmış yeni konstruksiyalı çevik bardyurların istifadəsinə əsaslanır. Təqdim edilən bardyurlar yol qəzalarının, təhlükəli fəsadların azalmasına gətirib çıxaracaq.