![]() |
Kibertəhlükəsizlik kafedrasının müdiri, t.e.d, dosent
İmamverdiyev Yadigar Nəsib oğlu 15 noyabr 1964-cü ildə anadan olub. 1982-ci ildə orta məktəbi bitirib və həmin ildə Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin Tətbiqi riyaziyyat ixtisasına qəbul olub. 1983-1985-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub (Belorusiya hərbi dairəsi). 1989-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib. 2005-2021-ci ilin sentyabrana kimi AMEA İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyi şöbəsinin müdiri vəzifəsində işləyib. 2021-ci ilin sentyabrından AzTU-da çalışır. 1 avqust 2022-ci il tarixindən AzTU Kibertəhlükəsizlik kafedrasının müdiri vəzifəsinə təyin edilib. 2006-cı ildə “Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün üsul və alqoritmlərin işlənməsi” mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edib. 2003-2004-cü illərdə Milli Məclisdə “Elektron imza və elektron sənəd haqqında Qanunun” işlənməsi üzrə texniki işçi qrupun üzvü olub. 2007-ci ildə ölkədə ilk CERT-komandasının yaradılması və müvafiq Avropa qurumlarında tanıdılması işlərini həyata keçirib. Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramında AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilən işlərin icrasına məsul şəxs olub. 2021-ci ildə “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi modelləri və metodları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və 29 aprel 2022-ci ildə elmlər doktoru elmi dərəcəsi alıb. ABŞ, Malayziya, Türkiyə, Rumıniya, Rusiya, Çex respublikalarıda elmi-tədqiqat ezamiyyətində olub. Koreya Respublikasında Yonsei Universitetində bir il (2011-2012) və ETRI-də (Electronics and Telecommunications Research Institute) 2017, may-iyul müddətində elmi tədqiqat aparıb. Hazırda informasiya təhlükəsizliyi, kriptoqrafiya, süni intellekt metodları, biometrik texnologiyalar, təhsil analitikası və digər sahələrdə elmi tədqiqatlarını davam etdirir. 200-ə yaxın elmi məqalənin, 8 kitabın müəllifidir. Aşağıdakı beynəlxalq və ölkə qrant layihələrinin rəhbəri olub:
ARP EİF, “Böyük verilənlər ("Big Data") mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” layihəsində iştirak edib. Y.N.İmamverdiyev elmi-tədqiqat ilə yanaşı pedaqoji fəaliyyətini də davam etdirir. O, 2003-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində doktorantlara və magistrlərə, 2007-2009 və 2022-ci illərdə Bakı Dövlət Universitetində, 2021-2022-ci illərdə AzTU-da dosent vəzifəsində çalışıb. Onlarla magistr və doktoranta elmi rəhbərlik edib. Doktorantlardan biri (L.V.Suxostat) elmi fəaliyyətinə görə 2017-ci il Gənclər üçün Prezident mükafatına layiq görülüb. 2010-2021-ci illərdə AAK-ın tövsiyə etdiyi elmi nəşrlərdən “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının redaksiya heyətinin üzvü olub. 2013-2019-cu illərdə 5 “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” respublika konfransının təşkil edilməsinə məsul şəxs olub. Ailəlidir, iki övladı var. |