Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası sənayedə və digər sahələrdə istehsalın avtomatlaşdırılmasına olan yüksək tələbatla əlaqədar olaraq meydana gəlmişdir. Sənayenin bir çox sahələrində - maşınqayırma, cihazqayırma, energetika və digər sahələrdə əmək məhsuldarlığının və keyfiyyətin yüksəldilməsi məqsədilə avtomatlaşdırılmış istehsalın həcmi gündən-günə artmaqdadır.
Avtomatlaşdırma dərəcəsi daha yüksək olan mürəkkəb texniki sistemlərdə insan müdaxiləsi xeyli azalır. Avtomatlaşdırma insanları təhlükəli, stresli və ağır fəaliyyətlərdən azad etməklə yanaşı, əmək məhsuldarlığını və keyfiyyəti artırmaq, kadr xərclərini azaltmaq imkanları da verir.
Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının məzunları əldə etdikləri bilik, bacarıq və vərdişlərin nəticəsində maşınqayırma, energetika, nəqliyyat və digər sahələrdə yüksək ixtisaslı mutəxəssislər kimi çalışa bilərlər.