Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) tələbə və müəllimlər üçün məlumatlandırma sessiyası keçirib.
Tədbirdə çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov AzTU ilə DAAD-ın uzunmüddətli və səmərəli əməkdaşlığından danışıb. Sübhan Namazov DAAD məzunlarının Azərbaycan təhsilinin və iqtisadiyyatının inkişafına verdiyi tövfələrdən, DAAD proqramlarının tələbə və tədqiqatçılar üçün yaratdığı fürsətlərdən də söhbət açıb. Prorektor AzTU-da alman dili tədrisini 2 il müddətində həyata keçirəcək DAAD lektorunun universitetdə tələbə və müəllimlərə faydasından da danışıb.
Daha sonra DAAD Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul DAAD-ın fəaliyyəti, əməkdaşlıq etdiyi Almaniya universitetləri, tələbə və müəllimlər üçün proqramların üstünlükləri barədə ətraflı məlumat verib.
DAAD Tbilisi Regional Ofisinin əməkdaşı Sevər Qarayeva DAAD-ın təsis etdiyi təqaüdlər, həmçinin universitet müəllimlərinə Almaniyada yaradılan tədqiqat imkanları barədə geniş təqdimatla çıxış edib.
Təqdimatdan sonra tələbə və müəllimlərin sualları cavablandırılıb.
Qeyd edək ki, DAAD əməkdaşlarının məlumatlandırma sessiyaları mütəmadi olaraq davam etdiriləcək.