Böyük Britaniyanın Nottinqam Universitetinin professoru Marko Rivera Azərbaycan Texniki Universitetinin (AzTU) əməkaşlarına dünyada və Azərbaycanda bərpa olunan enerji mənbələri və Nottinqam Universiteti ilə AzTU arasında tədqiqat sahəsində əməkdaşlıq imkanlarına dair seminar keçib.
Qonağı salamlayan AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli bu mövzuda seminarın keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirib. O, sözügedən mövzularda dünyanın qabaqcıl universitetlərinin təcrübəsinin öyrənilməsinin vacibliyini və onlarla əməkdaşlığın faydasını diqqətə çatdırıb.
Sonra Marko Rivera əvvəlcə dünyada və Azərbaycanda enerji istehsalı və istehlakı, habelə bərpa olunan enerji mənbələrindən istifadə tendensiyaları haqqında ətraflı məlumat verib. Təmsil etdiyi universitet haqqında da danışan professor Nottinqam Universiteti ilə AzTU arasında potensial əməkdaşlıq istiqamətləri barədə geniş təqdimatla çıxış edib.
Seminarın sonunda suallar cavablandırılıb.