Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı və DAAD-nin (Alman Akademik Mübadilə Xidməti) “Şərqə Get” proqramı çərçivəsində AzTU-da həyata keçirilmiş “Multikultural Şəraitlərdə Mühəndislik Bacarıqlarının İnkişafı” adlı “yay məktəbi” başa çatıb. “Yay məktəbi” çərçivəsində iştirakçılara təlim proqramı ilə yanaşı tariximizin və milli ənənələrimizin tanıtımı ilə zəngin proqram təqdim edilib.
“Yay məktəbi”nin proqramı çərçivəsində iştirakçılara “Müəsisələrdə multikultural dəyərlər”, “Mühəndislər üçün sahibkarlıq və innovasiya çağırışları”, “Mühəndislər üçün qərar qəbuletmə bacarıqları”, “Mühəndislər üçün satış bacarıqları”, “Böhran vəziyyətlərdə iş” mövzularında təlimlər təşkil edilib. Daha sonra “yay məktəbi”nin iştirakçıları komanda şəklində onlara həvalə edilən müxtəlif tapşırıqlar icra edib və “Bakı Gəmiqayırma Zavodu”na, 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasına və Sumqayıt Texnologiyalar Parkına səfər ediblər.
Proqram çərçivəsində AzTU-nun MGP Emalatxana - 3D Printer Mərkəzində komanda şəklində layihələr üzərində işləyiblər.
Bundan başqa, “yay məktəbi”nin iştirakçıları üçün müxtəlif sosial tədbirlər təşkil edilib, həmçinin iştirakçılara sertifikat təqdim olunub.
“Yay məktəbi” DAAD-nin lektoru Claudio Kasperlin rəhbərliyi ilə işini uğurla tamamlayıb.
Xatırladaq ki, “yay məktəbi”ndə Almaniyanın müxtəlif universitetindən 8 tələbə AzTU-nun 10 tələbəsi ilə birgə komanda olaraq çalışıblar.