“Özbahçeci İnvest klub”un təşkilatçılığı ilə “Startaplar üçün Layihə Dəyərləndirmə Formu” keçirilib. Forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkilləri və gənc sahibkarlar çıxış ediblər.
Forum çərçivəsində “Özbahçeci İnvest klub”la Azərbaycan Texniki Univertsiteti (AzTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Daha sonra gənc sahibkarların startap ideyalarının dəyərləndirilməsi üçün təqdimatlar olub.
11 startap müəllifi mütəxəssislərdən ibarət münsiflər heyəti və investorlar qarşısında ideyalarını təqdim ediblər. Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrindən ibarət “İntech” komandasının “Ovuc içi” layihəsi münsiflərin və investorların rəyinə əsasən birinci yerə layiq görülüb.
Qeyd edək ki, “Ovuc içi” layihəsi müasir texnologiyaları ovucun içinə sıxacaq ölçüyə gətirmək və beləliklə istifadəçilərin texnoloji bacarıqlarını daha sadə və anlaşıqlı yolla öyrənməsini hədəfləyir.
CDİO (Öyrən, Layihələndir, Reallaşdır, İşlət) konsepti əsasında hazırlanan qurğudan mühəndisliyə marağı olan şagirdlər və tələbələr yararlana bilər.
Çoxfunksiyalı qurğu mobil telefonla idarə olunur. Qurğu müxtəlif kiçik həcmli əşyalar üzərində lazer vasitəsi ilə istənilən görüntünü vizuallaşdırmağa imkan verir.
Qeyd edək ki, layihənin mentoru AzTU-nun prorektoru Rəşad Əliyev, komandanın üzvləri isə Mirsahib Ağazadə, Ömər və Sübhan Ələskərovlardır.