Təcrübə tədris proqramının son mərhələsidir və tələbənin universitetdə qazandıqları nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsinə xidmət edir. Tələbələr paytaxtda və bölgələrdə yaşayış yerlərinə yaxın təcrübə müəssisələrinə göndərilir, əcnəbi tələbələrə öz ölkələrində təcrübə keçmək imkanı yaradılır.
2023-2024-cü tədris ilinin yaz semestrində Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsinin IV təhsil ilində tədris alan 1542 tələbələsi ixtisaslarından asılı olaraq 6, 21 və 30 kreditlik təcrübələrdə iştirak ediblər. Magistratura səviyyəsi üzrə II təhsil ilində tədris alan 1179 magistrant hər biri 8 kredit olmaqla elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrdə iştirak ediblər.
AzTU tələbələrin təcrübə keçmələri ilə əlaqədar çoxsaylı müəssisələr, dövlət qurumları, xarici şirkətlərlə əməkdaşlıq edir. Belə ki, son tədris ili ərzində bazaya 42 daimi, 522 müvəqqəti əməkdaşlığımız olan müəssisə daxil olunub. Bu müssisələrlə 600-dən çox müqavilə bağlanılıb. Növbəti ildə də bir çox yerli və xarici müəssisələrlə əlaqələrin qurulması planlaşdırılır.