Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müdiri Vaqif Qasımov, assistent Anar İsmayılov, Elektrotexnika kafedrasının dosenti Əhməd Məmmədov və baş müəllim Əyyar Məmmədov Türkiyənin Qazi və Ankara Universitetində işgüzar səfərdə olublar.
Səfər Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində həyata keçirilib.
Səfər çərçivəsində AzTU-da 2022/2023-cu il tədris ilindən başlayaraq Qazi və Ankara Universiteti ilə birgə həyata keçiriləcək ikili diplom proqramlarının icrası ilə bağlı hər iki universietin müvafiq fakültə və kafedralarında görüşlər keçirilib, tədris planlarının və proqramlarının müzakirəsi aparılıb.
AzTU nümayəndələri Qazi və Ankara Universitetinin Kompüter mühəndisliyi kafedrasının laboratoriyaları, o cümlədən “Kompüter avadanlıqları”, “Mikroprosessor sistemləri”, “Dövrələr analizi”, “Rəqəmsal sistemlər”, “Veb dizayn”, “Embedded systems” və s. laboratoriyaları, eləcə də Qazi Universitetinin Elektrik və elektronika kafedrasının laboratoriyaları ilə yaxından tanış olublar.
AzTU nümayəndə heyəti səfər çərçivəsində Türkiyə universitetlərinin bir sıra fakültələrinin dekanları və kafedra müdirləri ilə də müxtəlif görüşlər keçiriblər.