Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+” KA2 proqramının UniClad layihəsi çərçivəsində hazırlanan “Yem kalkulyatoru” mobil tətbiqi Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda fermerlərə təqdim olunub.
Təqdimatda layihənin proqram təminatını işləyib hazırlayan AzTU-nun Mühəndis riyaziyyatı və suni intellekt kafedrasının baş müəllimi Natiq Qurbanov da iştirak edib. Natiq Qurbanov mobil tətbiqin iş prinsipini geniş təqdimatla fermerlərə izah edib və onun “Google Play” üzərindən əlçatan olduğunu bildirib.
Qeyd olunub ki, “Yem kalkulayatoru” fermerlərə ev heyvanları üçün illik balanslaşdırılmış qidalı yem tərkibinin, bu yemin becərilməsi üçün zəruri əkin sahəsinin hesablanmasını, habelə fermerlərin müvafiq mövzu üzrə maarifləndirilməsi və müvafiq məlumatların çatdırılmasını təmin edən faydalı resursdur. Mobil tətbiqdə fermerlərin yerləşdikləri ərazi üzrə hava məlumatı və yemlərin qidalılıq normaları haqqında faydalı məlumatlar yerləşdirililib.
Xatırladaq ki, “Yem kalkulayatoru” mobil tətbiqi “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) çərçivəsində AzTU-da yaradılmış İnnovativ Texnologiyalar Mərkəzində pilot layihə olaraq işlənib. Pilot layihə Kənd Təsərüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsi və Aqrar İnnovasiya Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Mobil tətbiqə məlumatların daxil edilməsi prosesinə AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbələri cəlb olunub.