Yarmarkada 90 işəgötürən tərəfindən 822 vakansiya təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
Tədbir işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı, habelə yuxarı kurslarda təhsil alan tələbələrin, əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunların əmək bazarına çıxışının dəstəklənməsi, onların ixtisas və maraq dairəsinə uyğun vakant iş yerlərinə dair məlumatlandırılması, işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına şərait yaradılması məqsədi daşıyıb.
Yarmarkada bu kimi aktiv məşğulluq tədbirlərinin keçirilməsinin işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında əhəmiyyəti, həmçinin gənclərin əmək bazarına inteqrasiyasında, onların ixtisaslarına uyğun vakansiyalara əlçatanlığının təmin edilməsində, işəgötürənlərin ixtisaslı kadrlara olan ehtiyaclarının qısa zamanda ödənilməsində mühüm önəm kəsb etdiyi vurğulanıb.
“Məzunların məşğulluq reytinqi” platforması barədə də məlumat verilib. Tədbirdə iştirak edən qonaqlar işəgötürənlərlə tanış olub, təqdim edilən vakansiyalar və onların tələbləri ilə maraqlanıblar. İşəgötürənlər isə öz növbəsində müəssisələrinin fəaliyyət istiqamətləri, əməkdaş seçimində prioritet kriteriyalar və vakansiyalara qəbul prosesi haqqında ətraflı məlumat veriblər.
Yarmarkada 90 işəgötürən tərəfindən 822 vakansiya təqdim edilib, bu vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.
Tədbirə qatılan şəxslər Agentliyik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə də məlumat almaq imkanı əldə ediblər.