“Azercell Telekom” MMC, Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin (AzTU) Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutunun dəstəyi ilə AzTU-da “Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin final turu keçirilib. Müsabiqədə 162 şagird iştirak edib.
Final turunda iştirakçılara 3 saat ərzində 5 alqoritmik məsələni C++, Python proqramlaşdırma dillərində həllini tərtib etmək və https://codeany.org/ portalında avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib.
Qeyd edək ki, müsabiqənin 5 aprel tarixində onlayn formatda keçirilmiş təsnifat mərhələsində Azərbaycanın müxtəlif bölgələrindən ümumtəhsil məktəblərinin 6-7-ci siniflərini təmsil edən 442 şagird iştirak etmiş və bunlardan 216-sı yarımfinal mərhələsinə vəsiqə qazanmışdır. 3 may tarixində onlayn formatda keçirilmiş yarımfinal mərhələsində ən yaxşı nəticə göstərmiş 162 şagird final mərhələsinə yüksəlmişdir.
“Azercell Cup” müsabiqəsi 2021-ci ildən keçirilir. Müsabiqə istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi, şagirdlərin müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirakının təmin edilməsi məqsədi daşıyır.