Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən həyata keçirilən Azərbaycan üçün Çevik Texniki Yardım Proqramı (AZTAF) çərçivəsində Azərbaycanda texniki təhsil və karyerada gender balansının təşviqi məqsədilə növbəti seminar Azərbaycan Texniki Universitetində (AzTU) keçirilib.
Seminar texniki sahələrdə qadınların iştirakını artırmaq və əmək bazarında gender bərabərsizliyini azaltmaq yolu ilə Azərbaycanın iqtisadi inkişafına töhfə vermək məqsədi daşıyır. Tədbirdə universitetin professor-müəllim heyəti, karyera məsləhətçiləri iştirak edib. Seminarın əsas mövzularını texniki təhsil və əmək bazarında mövcud gender bərabərsizliyi, qadınların məşğulluğuna dair qanunvericilikdə son dəyişikliklər, Azərbaycanda “Qadınların Məşğulluğu Qarşısındakı Maneələrin Aradan Qaldırılması" üzrə Dünya Bankı hesabatının əsas nəticələri və texniki sahələrdə qadınların dəstəklənməsində təhsil müəssisələrinin rolu təşkil edib.
Tədbir zamanı həmçinin Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə hazırladığı "Əməyin Təhlükəsizliyi, Sağlamlığı, Zorakılıq və Qısnama" adlı Azərbaycan və ingilis dillərində tərtib edilmiş onlayn təlim kursu təqdim edilib.