Azərbaycan Texniki Universitetinin (AzTU) də tərəfdaş olduğu ERASMUS+ KA2 “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsinin ilk toplantısının Kiyev şəhərində keçirilməsi nəzərdə tutulsa da, koronavirus infeksiyası ilə bağlı pandemiya elan olunduğundan görüş onlayn olaraq reallaşdırılıb.
Görüşdə 9 ölkənin (Avstriya, Polşa, İspaniya, İtaliya, Litva, Macarıstan, Ukrayna, Azərbaycan, Moldova) 24 partnyor müəssisəsindən 50-dək mütəxəssis iştirak edib. Onlar layihənin davam edəcəyi 3 il ərzində görüləcək işlər barədə müzakirələr aparıblar.
Layihənin ilk görüşündə AzTU-dan Beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov, Tədqiqat və inkişaf şöbəsinin müdiri, dosent Mərziyyə Ağayeva, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Mustafa Əhmədov, “Kompüter sistemləri və şəbəkələri” kafedrasının müdiri, professor Vaqif Qasımov və Beynəlxalq əlaqələr şöbəsinin layihələr və mübadilə proqramları üzrə baş mütəxəssisi Mətanət Paşayeva iştirak edib. Onlayn görüşə həmçinin ERASMUS+ Azərbaycan ofisinin nümayəndələri Pərviz Bağırov və Zəfər Həsənov da qatılıb.
Tərəfdaş təşkilatlar təqdimatlarla çıxış edib, layihənin komponentləri üzrə fəaliyyətin planlaşdırılması və təşkil edilməsi barədə razılığa gəliblər.
Layihə çərçivəsində təşkilataların yerinə yetirəcəyi fəaliyyət növləri müəyyən edilib.