Close Log-in

Log In

Azerbaijan Technical University Faculty

Azərbaycan Təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması və daim inkişaf etdirilməsi Azərbaycan Texniki Universitetinin Beynəlxalq əlaqələrinin keyfiyyətcə dəyişməsində mühüm rol oynamışdır.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra universitetimiz dünyanın aparıcı universitetləri ilə birbaşa əlaqələr yaratmaq imkanı əldə etmiş, ABŞ, Almaniya, Fransa, İspaniya, Koreya, Hollandiya, İsveç, Avstraliya, Türkiyə, Rumıniya, Rusiya, Ukrayna, Belorus, Latviya, Litva, Qazağıstan və digər ölkələrin universitetləri ilə elm, təhsil, tələbə-müəllim mübadiləsi sahələri üzrə 100-dən artıq əməkdaşlıq müqavilələri imzalanmışdır.

Azərbaycan Texniki Universiteti Avropada elm və təhsili maliyyələşdirən komissiya və müxtəlif fondlarla yaratdığı sıx əməkdaşlıq çərçivəsində Avropa şurasının təsis etdiyi Beynəlxalq təhsil proqramları üzrə keçirilən müsabiqələrdə elm və təhsillə bağlı müxtəlif layihələrdə iştirak etmişdir. Universitetimiz Alman Akademik Mübadilə Xidməti (DAAD), Ukrayna Elm və Texnologiyalar Mərkəzi (STCU), Avropa birliyinin TASİS/TRACECA proqramı, Tempus proqramı üzrə layihələrin dəfələrlə qalibi olmuşdur. Tempus proqramı çərçivəsində, Almaniyanın Köln və Hollandiyanın Heerlen Tətbiqi Elmlər Universitetləri ilə birgə universitetimizdə son on ildə 4 layihə həyata keçirilmişdir. 2000-2013 illərdə Universitetin əməkdaşları 12-dən artıq elm və təhsillə bağlı müxtəlif layihələr yerinə yetirmiş, bir neçə layihə isə hal-hazırda yerinə yetirilir.

Universitetimizin əməkdaşları müxtəlif beynəlxalq elmi konfranslarda və simpoziumlarda iştirak edirlər. Son illər universitetimizdə nüfuzlu alimlərin iştirakı ilə elmin aparıcı istiqamətləri üzrə bir neçə beynəlxalq elmi konfranslar keçirilmişdir.

Xarici vətəndaşların universitetimizdə təhsili təşkil olunmuşdur. Universiteti bitirmiş xarici vətəndaşların (məzunların) sayı 2100 -dən artıqdır. Hal hazırda universitetdə təhsil alan xarici tələbələrin, magistrların və doktorantların ümumi sayı 400-dən artıqdır. Onlar əsasən Türkiyə, Əfqanıstan, Pakistan, Suriya, Rusiya, İran, Misir və Yəmən vətəndaşlarıdırlar. Təhsil alan əcnəbi tələbələri Azərbaycan mədəniyyəti və tarixi ilə daha yaxından tanış etmək məqsədi ilə onların Azərbaycanın tarix abidə və muzeylərinə ekskursiyaları təşkil edilir. Milli bayramlarımız ilə əlaqədar, keçirilən tədbirlərdə universitetimizdə təhsil alan xarici tələbələrin iştirakı təmin edilir və bu bir daha Azərbaycan mədəniyyətinin daha geniş yayılmasına şərait yaradır.

Fotoqalereya