Close Log-in

Log In

Azerbaijan Technical University Faculty

Jurnal haqqında

HOME Jurnal haqqında Jurnal haqqında

Hörmətli oxucular!

Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi elmi dərəcə iddiaçılarının əsərlərinin çap edildiyi dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir

İnkişaf etmiş ölkələrin iqtisadiyyatında bu gün universitetlər aparıcı mövqeyə malikdirlər. Onların gəlirlərinin mühüm hissəsi təhsil xidmətləri hesabına deyil, innovativ fəaliyyət hesabına formalaşır. İnformasiya cəmiyyətinin inkişafı universitetlərin fəaliyyət xarakterini, inkişaf strategiyasını, idarəetmə sistemini də dəyişdirir. Universitetlərin təşkilatı strukturunda yeni bölmələr yaranır. «Elektron təhsil» departamenti, «İnformasiya sistemləri və proqram təminatının yaradılması və istismarı» departamenti kimi yeni bölmələrin yaradılması nəticəsində universitetlərin fəaliyyəti və idarə edilməsi daha çox istehsalat müəssisəsini xatırladır. Universitet tərəfindən səmərəli idarəetmə qərarlarının qəbulu və dəstəklənməsi «Təhsilin avtomotlaşdırılmış idarəetmə informasiya sistemləri» proqram kompleksi olmadan mümkün deyil. Belə avtomotlaşdırılmış idarəetmə informasiya sistemləri əvvəllər, əsasən, istehsal və xidmət müəssisələrində tətbiq edilirdiyi halda, bu gün «Elektron Universitet» sistemi kimi Azərbaycan Texniki Universitetində uğurla tətbiq edilir.

Təhsildə innovasiyaların yaradılması və tətbiqi universitetin bazar iqtisadiyyatı şəraitində maliyyə imkanlarını artırmaqla yanaşı, innovativ universitet modeli qurmağa imkan verir.

Universitetin yeniliklərə, innovasiyalara açıq olması, innovativ inkişaf yolunu tutması onun sürətlə inkişaf edən qlobal tələblərə uyğunlaşması, rəqabətə davamlı olması üçün mühüm şərtdir. Universitetin inkişafı konsepsiyasının əsasını orada çalışan alimlərin tədris fəaliyyəti ilə yanaşı elmi fəaliyyəti də təşkil edir. Bu nöqteyi- nəzərdən Azərbaycan Texniki Universitetində «Elmi əsərlər» elmi-texniki jurnalı nəşr olunur.

Azərbaycan Texniki Universitetinin 1992-ci ildən etibarən nəşr etdiyi «Elmi əsərlər» elmi-texniki jurnalı ildə 4 dəfə texniki və fundamental elmlər sahəsi üzrə çap edilir. «Elmi əsərlər» jurnalı elmi nəşrlərin beynəlxalq qeydiyyat mərkəzində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Nəşr olunduğu ilk gündən etibarən jurnal Azərbaycan və xarici ölkə alimlərinin elmi-tədqiqat işlərinin nəticələrini yüksək tərtibatla oxuculara təqdim edir. Jurnalda nəşr olunan hər bir məqalə bu sahə üzrə beynəlxaq səviyyədə tanınmış alimlərin müsbət rəyi alındıqdan sonra nəşr olunur. Jurnalda nəşr olunan məqalələrin elektron versiyası eyni zamanda Azərbaycan Texniki Universitetinin internet səhifəsində verilir. «Elmi əsərlər» jurnalının nəşr edilmiş nüsxələri isə həm Azərbaycanın, həm də bir çox ölkələrin universitetlərinin kitabxanalarına göndərilir. Jurnalın redaksiya heyətinin tərkibinə Azərbaycan Texniki Universitetinin tanınmış alimləri daxildir. Bunun nəticəsi olaraq jurnalın hər yeni sayında nəşr olunan elmi məqalələrin həm keyfiyyəti, həm də məqalə müəlliflərinin çoğrafiyası genişlənməkdədir. Jurnalda Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Belarus, Qazaxıstan, Özbəkistan, İran, Türkiyə, Cənubi Koreya, Almaniya, Fransa, Hindistan, ABŞ və diğər ölkə alimlərinin məqalələri çap olunmuşdur. «Elmi əsərlər» jurnalının bu ildən etibarən dünyanın bir çox mötəbər elmi internetdata bazalarına daxil edilməsi planlaşdırılır ki, bunlardan Russian Periodicals Catalog, Directory of Open Access Journals, Middle East Virtual Library, The International Consortium for the Advancement of Academic Publication, Journal Seek, Genomics, Ref Seek, Dspace, Eprints, EBSCO, Indexcopernicus, ASOS və başqalarını qeyd etmək olar. Bu databazalara daxil olunduqdan sonara «Elmi əsərlər» jurnalında nəşr olunan məqalələr çox tez bir zamanda elm ictimaiyyətinin diqqətinə çatdırılacaq. Xüsusi olaraq texniki sahədə Azərbaycanla əlaqəli elmi-tədqiqatlarların əhəmiyyətli bir hissəsini Google axtarış sisteminin elmi-tədqiqat axtarış sistemi olan Google Scholar-a «Elmi əsərlər» jurnalı tərəfindən daxil edilmiş məqalələr təşkil edəcək. «Elmi əsərlər» jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika elmləri və fundamental elmlər bölmələri üzrə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilmişdir. Sizin də jurnalımızda dəyərli məqalələrinizlə cıxış etmənizdən məmnun olarıq.