Close Log-in

Log In

Azerbaijan Technical University Curriculum

Kafedranın təqdimatı

HOME Haqqımızda Kafedranın təqdimatı

Kafedra müdiri – texnika elmləri doktoru, prof. Baxşəliyev Valeh İsmixan oğlu.


Mexanika müasir texnikanın elmi əsasıdır. O, insanın praktiki təlabatından meydana gələn ən qədim elmlərdən biridir.

Müasir Mexanikanın inkişafında Azərbaycan alimlərinin, o cümlədən Nobel mükafatı laureatı Lev Landau, prof. Zahid Xəlilov, prof. Həbib Məmmədov, akad. Azad Mirzəcanzadə, prof. Niftulla Qədirov, prof. Tofiq Bəktaşi və digər görkəmli alimlərin böyük xidmətləri olmuşdur. “Mexanika” kafedrası 1920-ci ildə yaradılmış Azərbaycan Politexnik İnstitutunun (AzPİ) tərkibində fəaliyyətə başlamış və 1950-ci ildə AzPİ ikinci dəfə bərpa olunduqdan sonra böyük inkişaf yolu keçmişdir.

Hazırda “Mexanika” kafedrasının 19 əməkdaşı vardır. Onlardan 1 nəfər fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi; 3 nəfər texnika elmləri doktoru, professor; 8 nəfər fəlsəfə doktoru (PhD), dosent; 2 nəfər assistent; 2 nəfər baş laborant və 3 nəfər tədris ustası vəzifəsində çalışır. Kafedrada 8 doktorant, magistrlər və tələbələr təhsillərini davam etdirir, laboratoriyalarda elmi işlərin aparılmasında iştirak edirlər.

Uzun illər ərzində kafedranın texniki bazası xeyli yaxşılaşdırılmış, yeni tədris laboratoriyaları yaradılmışdır ki, burada tələbələr 20-ə yaxın laboratoriya işlərini yerinə yetirirlər. Kafedrada bakalavr pilləsi üçün nəzəri mexanika, tətbiqi mexanika, texniki mexanika, materiallar müqaviməti, hidravlika, maye və qaz mexanikası, hidrologiya, boru kəmərləri və armaturları, magistratura pilləsi üçün xüsusi təyinatlı nasoslar, kompressor və kompressor stansiyaları, nasos stansiyalarının avadanlıqları, boru kəmərlərinin hesabı və layihələndirilməsi və s. fənnlər tədris olunur.

2011-ci ilin aprel ayında AzTU-nun Еlmi Şurasının qərarı ilə “Nəzəri mexanika” və “Materiallar müqaviməti” kafedraları birləşdirilərək “Texniki mexanika” kafedrası adlandırılmış, 2016-cı ilin may ayında isə “Texniki mexanika” və “Hidravlika və HPQ” kafedralarının əsasında “Mexanika” kafedrası yaradılmışdır.

Nəzəri mexanika kafedrası 1921-ci ildə AzPİ-nin tərkibində təşkil edilmişdir. Bu dövrdə nəzəri mexanika, materiallar müqaviməti və tətbiqi mexanika kafedraları bir kafedra kimi fəaliyyət göstərmişdir. İlk kafedra müdiri prof. P.P. Lukin olmuşdur. Həmin dövrdə kafedrada prof. Q.A. Xazarov, prof. K.A. Pakrovski və digər görkəmli alimlər fəaliyyət göstərmişlər. 1950-ci ildə AzPİ yenidən fəaliyyətini davam etdirdikdə ilk yaranan kafedralardan biri də “Nəzəri mexanika” kafedrası olmuşdur. Həmin dövrdən kafedraya rəhbərlik edənlər: prof. Həbib Qurban oğlu Məmmədov (1951-1966), prof. Ətəulla Fəttah oğlu Qasımov (1967-1970), prof. Niftulla Bəşir oğlu Qədirov (1971-1972), prof. Rza Əbdül oğlu Bədəlov (1972-1976), dos. Vladimir Yakovleviç Dunin (k.m. əvəzi, 1976), prof. Rafiq Nəbi oğlu Mahmudov (1976-1984), prof. Frunze Həsənqulu oğlu Şəmiyev (1985-1993), dos. Abdulla Heydər oğlu Sofiyev (k. m. əvəzi, 1993), prof. Rafiq Nəbi oğlu Mahmudov (1993-2005), prof. Nəsib Ayvaz oğlu Nəsibov (2005-2011), prof. Vaqif Mirəhməd oğlu Mirsəlimov (“Texniki Mexanika”, 2011-2016).

Materiallar müqaviməti kafedrası 1920-ci ildən başlayaraq AzPİ-nin tərkibində müxtəlif adlar altında fəaliyyət göstərmişdir. İlk kafedra müdiri prof. L.S. Leybenzon olmuşdur. Həmin baza əsasında 1950-ci ildə AzPİ yenidən fəaliyyətə başladıqda materiallar müqaviməti və inşaat mexanikası adı altında texniki kafedra yaradıldı və az sonra bu kafedra “Materiallar müqaviməti” adını aldı. Bu zaman kafedrada 4 müəllim işləyirdi: H.S.Muradxanov, H.A.Süleymanov, X.S.Məlikaslanov, N.K.İbrahimova. Bu dövrdən sonra kafedraya rəhbərlik etmişlər: dos. Hüseynağa S. Muradxanov (1950-1954), dos. Hənifə Əbdülrəhman oğlu Süleymanov (1954-1974), prof. İbrahim Ağamurad oğlu Bəxtiyarov (1975), prof. İsmayıl Rza oğlu Sadıqov (1975-1983), dos. Nəcibə Kazım qızı İbrahimova (k.m. əvəzi, 1983), prof. Vaqif Mirəhməd oğlu Mirsəlimov (1983-2011,“Texniki Mexanika”, 2011-2016).

Hidravlika kafedrası ilk dəfə AzPİ-nin tərkibində 1922-ci ildə yaradılmışdır. Kafedranın o vaxtlar adı Hidravlika və hidravlik mexanizmlər olmuşdur. İlk kafedra müdiri prof. İ.Q. Yesman olmuşdur. 1950-ci ildə AzPİ ikinci dəfə bərpa olunduqda mövcud baza əsasında Hidravlika və hidravlik maşınlar kafedrası təşkil edildi. Həmin vaxtdan sonra kafedraya rəhbərlik edənlər: Prof. Süleyman Abdulaxairoviç Abdurəşidov (1950-1955), dos. Ənvər Əbdülrəhman oğlu Şıxəlizadə (1955-1959), prof. Ətəulla Fərəc oğlu Qasımov (1969-1981), prof. Hümbət Paşa oğlu Hüseynov (1981-1992), prof. Səməd Oruc oğlu Hüseynov (1992-2014), prof. Rasim Şirin oğlu İsmayılov (2014-2016).